Jan 17, 2013

Elektronlaşdırabildiklərimizdənsinizmi? ))


Bu günkü yazım online alış-veriş sistemləri haqqında olacaq. Bəri başdan deyim ki, online alış-verişin alıcı və satıcılara verdiyi üstünlüklər haqqında internetdə kifayət qədər məlumat olduğundan yazımda bu məsələlərə toxunmayacam, haqqında yazacağım istiqamət Azərbaycanda e-ticarətin (ingilis dilində əksər hallarda e-commerce kimi ifadə olunduğundan, mən də öz dilimizə adaptə edib bu sözü istifadə edəcəm) ümumi vəziyyəti və Azərbaycan şirkətlərinin niyə “elektronlaşa” bilməməsi haqqında olacaq. Yəni bir növ adı online olub özü online olmayan alış-veriş sistemləri barədə. Əslində bu yaxınlarda bu mövzu barəsində dostumuz Həmid öz bloqunda “Emosiyasız turoperatorlarımız” adlı bir yazı yazmışdı və yazısında Azərbaycandakı turizm şirkətləri və otellərin online satış sistemləri və saytları haqqında öz fikirlərini bölüşmüşdü, mənsə bir az daha geniş, bütün bu sahədə olan ümumi vəziyyəti təsvir etməyə çalışacam.

Başlayaq Azərbaycanda e-ticarətin ümümi vəziyyətindən ki, burda vəziyyət heç də ürək açan deyil. Bəzi problemlər var ki, bunlar e-ticarətin inkişaf etməsinin qarşısını alır, bəzi hallarda isə prosesi ləngidir:
- bu sırada ilk gələn məsələ ölkədə genişzolaqlı (ADSL) internetə çıxışı olan əhalinin sayının ümümi sayın az bir hissəsini ( müxtəlif qaynaqlarda müxtəlif rəqəmlər göstərilir,ona görə dəqiq məlumat verə bilməyəcəm amma ən az göstərilən rəqəm 15% ən çox isə 50% təşkil edir, 2012ci il üçün) təşkil etməsidir ki, bu da əsası internet üzərində qoyulan e-ticarət üçün əsas şərtlərdən biridir. E-ticarətin daha çox inkişaf etdiyi ölkələrin siyahısında ilk yerlərdə İEÖ (inkişaf etmiş ölkələr) gəlir ki, bu siyahıya eBay və amazon kimi nəhəng e-ticarət saytlarıyla ABŞ başçılıq edir. Və bu İEÖ-də əhalinin 74%-dən çoxunun (2011) internetə çıxışı var.
Əhalisi internet üzərindən ən çox məhsul və ya xidmət sifariş edən ölkələrin siyahısı:

- digər məsələ insanlar arasında bank kartlarından istifadə etmə vərdişlərinin aşağı səviyədə olmasıdır ki, bu prosesi bir az da sürətləndirən, hələ də normal, təhlükəsiz online ödəmə sistemimizin olmamasıdır. Dünyada ən təhlükəsiz ödəmə sistemi kimi tanınan PayPal  isə bilinməyən səbələrdən Azərbaycan istifadəçilərinə hələ də, yalnız pul göndərməyə icazə verir, qəbul etməyə isə yox.
Haqqında yazacağım üçüncü məsələ isə e-ticarət saytlarımızın “elektronlaşa bilməməsidi”, yəni hər sayt açıb, məhsul yerləşdirən və altından qiymətini yazan sayta peşəkar e-ticarət saytı demək düzgün deyil. Təbii, məsələnin kökündə internet üzərində satış durur və bunun yeganə peşəkar yolu sayt açmaqdan keçir amma e-ticarət saytı isminə yiyələnmək üçün bu şirkət-saytlar müəyyən tələblərə cavab verməlidirlər ki, bu tələblər siyahısının ilk pilləsində qiymət məsələsi gəlir. Bizdə fəaliyyət göstərən istər  “click-only” (yalnız internet üzərindən satış həyata keçirən şirkətlər), istərsə də “click-and-mortar” (həm internet üzərindən satış həyata keçirən, həm də mağazadan) saytların 85-90%i qiymət siyasətinə riayət etmir, yəni mağazada və saytda satılan eyni məhsulun qiyməti az da olsa bir-birindən fərqlənmir. Dünya praktikasında isə adətən e-ticarət saytlarında satılan məhsul və xidmətlər, mağazalarda satılanlardan 15-25% ucuz olur ki, bu da insanları həvəsləndirir e-ticarət sistemlərindən istifadə etməyə. Azərbaycanda bu sahədə az da olsa fərqlənən şirkət Ali & Nino kitab mağazaları şəbəkəsidir ki, saytdan alınan məhsullara 10% endirim tətbiq edir.
E-ticarət saytlarını “elektronlaşmadan” çıxaran digər səbəb, bu şirkətlərin poçt sistemindən istifadə etməməsidir. Yəni əksər hallarda kuryerlərdən istifadə olunur (obyektiv və subyektiv səbəblərdən) məhsulların çatdırılmasında ki, burada vaxta qənaət olunsa da, çatdırılma qiymətinin baha olmasına gətirib çıxarır. Əksər şirkətlər mərkəzə yaxın yerlərdə çatdırılmanı 3 azn müqabilində edir, mərkəzdən bir az uzaq olan “Yeni Günəşli” və ya “Qaradağ” yaşayış massivlərinə 7-10 azn arasında bir qiymət tələb edirlər ki, bu da kifayət qədər böyük məbləğdir. Bəzi hallarda isə çatdırılma haqqı reallığı əks etdirmir, yəni tələb olunan məbləğ kuryerə ödəniləcək məbləğdən daha çox olur, çatdırılma haqqından da nəsə əlavə gəlir əldə etmək istəyirlər şirkət sahibləri.
Bu sahə dəha yeni yarandığı üçün kifayət qədər çatışmazlıq və problem var amma çalışdım ki, ən əsas məsələlərə toxunum. Yaxın zamanda ən azı bu problemlərin həll olunması ümidi ilə . . .J

No comments:

Post a Comment